Nəzarət Cəmiyyətləri Haqqında Postskript

  1. Tarixi

Fuko “intizam cəmiyyətlərini” XVIII və XIX əsrlərə yerləşdirmişdi; bu cəmiyyətlər öz kulminasiya nöqtələrinə XX əsrin əvvəllərində çatmışdılar. Onlar geniş qapatma məkanlarının xarakterik olduğu təşkilatları yaratdılar. Fərd davamlı olaraq hər birinin öz qanunları olan bir qapalı mühitdən digərinə keçər: birinci ailə, daha sonra məktəb (“artıq öz ailənlə deyilsən”); daha sonra hərbi kazarma (“artıq məktəbdə deyilsən”) ; daha sonra zavod; bəzən xəstəxana; ola bilsin həbsxana (qapalı mühitin ən məşhur nümunəsi). Burada analoji model olan həbsxanadan söhbət gedir: Rossellininin “Avropa 51” filminin qadın qəhramanlarından biri işləyən işçiləri gördükdə “məhkumlarla qarşı-qarşıya olduğumu düşündüm” deyə fəryad edə bilər. 

Fuko bu qapalı mühitlərin ideal proyektlərini parlaq şəkildə analiz edib, xüsusilə də fabrikdə görünənləri: bir yerə cəmləşdirmək; məkan daxilində paylamaq; zaman daxilində sıralamaq; fəza-zaman ölçüsü daxilində təsiri onun tərkib hissələrinin ayrı-ayrılıqda qüvvələrinin cəmindən böyük olacaq məhsuldar qüvvə yaratmaq. Lakin Fuko, həmçinin bu modelin sürəksizliyini də anlamışdı: bu model məqsəd və funksiyaları kifayət qədər fərqli olan, istehsalı təşkil etməkdənsə vergi yığan, həyatı idarə etməkdənsə ölümü təyin edən “hökmranlıq cəmiyyətlərinin” davamı idi. Keçid zamanla baş verdi və görünür ki, Napoleon bir cəmiyyətdən o birinə böyük ölçüdə keçilməsinə təsir etdi. Lakin öz növbəsində intizamlar tədricən institutlaşan və II Dünya müharibəsindən sonra sürətlənən yeni güclərin  xeyrinə olan bir böhrana düçar oldular: bir intizam cəmiyyəti artıq olmadığımız, olmağı dayandırdığımız bir şeydir. 

Biz həbsxana, xəstəxana, fabrik, məktəb, ailə kimi qapalı mühitlərə aid ümumiləşmiş bir böhranın ortasındayıq. Ailə də təhsil, professional və s. kimi digər bütün “içəri”lər kimi böhranda olan bir “içəri”dir. Rəhbər administrasiyalar vacib olduğunu iddia etdikləri islahatları elan etməyi bir an belə olsun dayandırmırlar: məktəblərdə islahat etmək, sənayendə, səhiyyəndə, hərbi qüvvələrdə, həbsxanalarda islahat etmək. Lakin hər kəs bilir ki, son istifadə müddətinin nə vaxt olmasından asılı olmayaraq bu institutlar artıq vaxtı keçib. İdarəçilərin etdiyi sadəcə son ritualları yerinə yetirilməsi və qapını döyən yeni güclərin yerlərinə tam yerləşənədək insanları işlə təmin etməkdən başqa bir şey deyil. Bu [yeni güclər] isə intizam cəmiyyətlərinin yerini almaqda olan “nəzarət cəmiyyərləridir”. “Nəzarət” Fukonun yaxın gələcəyimiz kimi adlandırdığı yeni bədheybətə termin olaraq [Uilyam] Barrouzun təklif etdiyi addır. Pol Virilyo da həmçinin qapalı sistemin zaman çərçivəsində işləyən köhnə intizam quruluşunun yerini alan sərbəst-üzən nəzarətin çox sürətli formalarının davamlı analizini aparır. Burada müstəsna əczaçılıq məhsullarını, molekulyar mühəndisliyi, genetik əməliyyatları qeyd etməyə ehtiyac belə yoxdur, halbuki bunlar belə yeni bir prosesin başladığını göstərirlər. Hansının daha sərt və ya daha dözülə biləcək rejim olduğunu soruşmağa ehtiyac yoxdur, çünki hər birinin daxilində azadlıq verən və kölələşdirən güclər bir-biri ilə qarşı-qarşıya dayanır. Misal üçün, qapalı mühit kimi xəstəxana böhranında məhəllə klinikaları, sağlamlıq evləri və gün qayğı mərkəzləri ilkin olaraq yeni azadlıqları əks etdirsə bilərlər, lakin onlar da həmçinin dustaqlığın ən sərtinə bərabər ola biləcək nəzarət mexanizmlərinə qatıla bilərlər. Qorxmağa və ya ümidə heç bir ehtiyac yoxdur, sadəcə yeni silahlar axtarmaq lazımdır.

2. Məntiq

Fərdin içərisindən keçdiyi müxtəlif nəzarətxanalar və ya qapalı məkanlar sərbəst dəyişənlərdir: hər dəfə sıfırdan başladığı fərz olunur və bütün məkanlar üçün ortaq bir dilin mövcud olmasına baxmayaraq analojidir. Digər tərəfdən, müxtəlif nəzarət mexanizmləri bir-birindən ayrılmaz variasiyalardır və dili rəqəmlərlə ifadə olunan (ikili say sistemi olması vacib deyil) dəyişən həndəsi sistem əmələ gətirirlər. Qapatmalar ayrı-ayrı tökülmüş qəliblərdir, lakin nəzarət davamlı olaraq bir andan digərinə dəyişən və özünü deformasiya edən qəliblər kimi və ya toru bir nöqtədən nöqtədən-nöqtəyə dəyişəcək bir ələk kimi bir modulyasiyadır.

Bu vəziyyət maaş məsələsində daha açıqdır: fabrik öz daxili gücünü tarazlıq vəziyyətində saxlayan qapatma orqanıdır – istehsalda mümkün maksimum, maaşlarda mümkün minimum. Lakin nəzarət cəmiyyətində korporasiya fabrikin yerini alıb və korporasiya bir ruh, bir qazdır. Təbii ki, fabrik də bonus sistemi ilə tanış idi, lakin korporasiya meydan oxumalar, yarışmalar və son dərəcə məzəli qrup sessiyaları ilə fəaliyyət göstərən daimi metastabillik vəziyyətində hər maaşın modulyasiyasını təyin etmək üçün daha dərindən işləyir. Əgər çox axmaqca televiziya oyun şouları belə uğurlu olursa bunun səbəbi də onların korporasiyadakı vəziyyəti böyük dəqiqliklə ifadə etmələridir. Fabrik fərdləri həm kütlə içindəki hər bir elementi nəzarətdə saxlayan müdirin həm də kütləvi müqaviməti səfərbər edən ittifaqların xeyrinə bir vahid gövdə şəklində birləşdirirdi. Lakin korporasiya fərdləri bir-birinə qarşı qoyan, hər birinin içindən keçən və onları daxildə bölən çox utanmaz bir rəqabəti davamlı olaraq sağlam yarış forması, mükəmməl motivasiya qüvvəsi kimi təqdim edir. “Maaşın xidmətə görə dəyişməsi” prinsipi milli təhsil sisteminin özünü belə tovlamaqda uğursuz olmayıb. Həqiqətən də korporasiya fabriki əvəz etdiyi kimi davamlı təkmilləşmə məktəbin, sürəkli nəzarət isə imtahanın yerini alır. Bu isə məktəbi korporasiyanın əlinə təslim etməyin ən əmin yoludur.

İntizam cəmiyyətlərində bir şəxs hər zaman yenidən və yenidən başlamalı idi (məktəbdən kazarmaya, kazarmadan fabrikə), lakin nəzarət cəmiyyətlərində bir şəxs heç bir zaman nəyisə bitirmir – korporasiya, təhsil sistemi, hərbi xidmət hamısı bir universal sistemin deformasiyaları kimi vahid şəkildə və eyni modulyasiya daxilində mövcud olan metastabil vəziyyət şəklindədirlər. Özünü iki sosial formasiyanın arasında mərkəzi nöqtəyə qoyan Kafka “Məhkəmə” əsərində hüquqi formaların ən vahiməli formasını təsvir etmişdir. İntizam cəmiyyətlərinin (iki həbs forması arasından) elüzəri bəraəti [red. kitabın tərcüməsində elə yazılıb] və nəzarət cəmiyyətlərinin (davamlı dəyişən şəkildə) “bitməz-tükənməz təxirə salmaları” hüquqi həyatın iki çox fərqli formasıdır və əgər qanunlarımız tərəddüdkardırsa, özü böhranın içindədirsə bunun səbəbi bir nizamı tərk edib o birinə daxil olmağımızdır. İntizam cəmiyyətlərinin iki qütbü var: fərdi bildirən imza və onun kütlə içində mövqeyini göstərən rəqəm və ya administrativ nömrə. Bunun səbəbi intizam cəmiyyətlərinin heç vaxt bu ikisi arasında hər hansı uyuşmazlıq görməməsi və eyni zamanda, iqtidarın  həm fərdiləşdirməsi, həm də birlikdə kütlə halına salmasıdır.Yəni iqtidar üzərində güc tətbiq etdiklərini bir bədənə çevirir və o bədənin hər bir üzvünün individuallığını şəkilləndirir. ( Fuko bu ikiqat fəaliyyətin kökünü keşişin pastoral gücündə – sürü və sürüdəki heyvanların hər biri – görürdü, lakin sivil iqtidar da növbə ilə hərəkət edir və başqa yollarla özünü sekulyar “rahib”ə çevirir.) Digər tərəfdən, nəzarət cəmiyyətlərində vacib olan artıq nə imza nə də nömrə deyil, bir koddur: bu kod bir şifrədir. İntizam cəmiyyətləri isə parollar ilə tənzimlənir (müqavimət baxımından inteqrasiya baxımından da). Nəzarətin rəqəmsal dili informasiyaya çıxışa icazə verən və ya rədd edən kodlardan hazırlanmışdır. Artıq kütlə/fərd cütlüyü ilə məşğul olmuruq. Fərdlər artıq bölünüb və kütlələr seçmə nümunə qruplarına, datalara, bazarlara və ya “banklara” çevriliblər. Bəlkə də iki cəmiyyət arasındakı fərqi ən yaxşı göstərən şey puldur, çünki intizam cəmiyyəti qızılı rəqəmsal standart götürən pul kəsilməsinə müraciət etdiyi halda, nəzarət cəmiyyəti bir sıra standart valyuta növü tərəfindən müəyyən olunan tariflərə əsasən modulyasiya olunan üzən məzənnə ilə bağlıdır. Köhnə monetar köstəbək qapatma məkanının heyvanıdır, lakin ilan nəzarət cəmiyyətinin. Bir heyvandan digərinə, köstəbəkdən ilana keçmişik, sadəcə içində yaşadığımız sistem deyil, həmçinin həyat tərzi və başqaları ilə münasibət cəhətdən də. İntizam cəmiyyəti insanı sürəkli olmayan enerji istehsalçısı idi, nəzarət cəmiyyətinin insanı isə dalğalıdır, bir orbitin, bir sürəkli şəbəkənin içindədir. Sörfinq artıq hər yerdə köhnə idmanların yerini tutub. 

Maşınların növləri ilə cəmiyyətin növləri arasında asanlıqla uyğunlaşdırma aparmaq olar – ona görə yox ki, maşınlar müəyyən edici faktordur, ona görə ki, maşınlar onları yarada və istifadə edə bilən sosial formasiyaları ifadə edirlər. Qədim hökmranlıq cəmiyyətləri bəsit maşınları düzəldə bilirdi – linglər, bloklar, saatlar; lakin, yaxın dövrün intizam cəmiyyətləri enerji ilə işləyən, passiv təhlükəsi etropiya və aktiv təhlükəsi sabotaj olan maşınlarla təchiz olundular; nəzarət cəmiyyətləri isə passiv təhlükəsi donma, aktiv təhlükəsi isə piratlıq, viruslar bulaşması olan üçüncü növ maşınlarla, kompüterlərlə işləyirlər. Bu texnoloji təkamül hətta daha dərindən baxsaq kapitalizmin bir mutasiyası olmalıdır, artıq yaxşı bilinən və ya tanış mutasiyadır və bu şəkildə ümumiləşdirilə bilər: on doqquzuncu əsr kapitalizmi həm istehsal, həm də mülkiyyət baxımından bir yerə toplama kapitalizmi idi. Ona görə o fabriki qapatma məkanı olaraq yüksəldir, kapitalist istehsal vasitələrinin sahibi idi, lakin, getdikcə analogiya ilə dərk olunacaq şəkildə o biri məkanların da sahibinə çevrilirdi ( işçinin ailəsi ilə yaşadığı evin, məktəbin).  Bazarlar isə bəzən ixtisaslaşma, bəzən müstəmləkəçilik, bəzən isə istehsal xərclərinin azaldılması ilə fəth edilir. Lakin, cari vəziyyətdə kapitalizm artıq istehsalla məşğul olmur, hətta tekstilin kompleks formaları, metallurgiya və ya neft istehsalı olsa belə bu rolu adətən Üçüncü Dünya ölkələrinə ötürür. Bu üst-səviyyə istehsal kapitalizmdir. O artıq xam maddə alıb hazır məhsul satmır: o hazır məhsul alır və ya parçaları birləşdirir. Onun satmaq istədiyi şey xidmətlər və almaq istədiyi isə səhmlərdir. Bu artıq istehsal üçün deyil, məhsul üçün kapitalizmdir, yəni satılan və ya satılmağına çalışılan məhsul üçün kapitalizmdir. Buna görə də bu kapitalizm çox dağınıqdır və fabrik yerini korporasiyaya verib. Ailə, məktəb, ordu, fabrik mülk sahibinə (dövlət və ya özəl güc) yaxınlaşan fərqli analoji məkanlar deyildirlər, indi sadəcə səhmdarları olan vahid korporasiyanın deformasiya oluna və çevrilə bilən kodlaşdırılmış fiqurlarıdır. Hətta sənət belə bankların açıq halqalarına daxil olmaq üçün qapatma sahəsini tərk edib. Bazarların fəth edilməsi intizam təlimləri ilə deyil, nəzarətə yiyələnməklə, qiymətləri aşağı salmaqla deyil, məzənnəni tənzimləməklə, istehsalda ixtisaslaşmaqla deyil, məhsulun dəyişdirilməsi ilə əldə olunur. Buna görə korrupsiya da yeni güc qazanır. Marketinq korporasiyaların mərkəzi və ya “ruhu” olmuşdur. Bizə öyrədilir ki, korporasiyanın ruhu var və bu da dünyadakı ən dəhşətli xəbərdir. Bazarlar əməliyyatları artıq ictimai idarə vasitəsidir və ağamızın həyasız nəslini formalaşdırır. Nəzarət qısa müddətlidir və sürətli çevrilmə dərəcəsinə malikdir, lakin sürəklidir və limitsizdir. İntizam isə uzun müddətlidir, sonsuzdur və sürəksizdir. İnsan artıq qapatılmayıb, lakin borc içindədir. Kapitalizmin bəşəriyyətin borclanmaq üçün çox kasıb, qapatmaq üçün isə çox sayda olduğu dörddə üçünün həddən artıq səfalətini sabit data kimi saxladığı doğrudur: nəzarət sadəcə sərhədlərin aşınması ilə deyil, yalançı urbanizasiyalarda və gettolardakı qəzəb səsi ilə də məşğul olmalıdır.

  1. Proqram

İstənilən anda açıq mühit daxilində hər hansı elementin mövqeyini verən (elektron xalta ilə qoruqda bir heyvan və ya korporasiyada bir insan) nəzarət mexanizminin düşüncəsi sadəcə bir elmi fantastika fikri deyildir. Feliks Qvattari bir nəfərin öz mənzilini, küçəsini, məhəlləsini baryerləri qaldıran şəxsi bir elektron kartla tərk edə biləcəyi bir şəhəri təsəvvür etmişdi. Lakin kart hər hansı gün və ya müəyyən saatlarda işləməyə bilər. Burda əsas məsələ baryerlər deyil, kompüterin hər bir şəxsin yerini (qanuni yoxsa qeyri-qanuni olduğunu) və ümumi modulyasiyaya təsirini izləməsidir. Lap başlanğıcından nəzarət mexanizmlərinin sosio-texnoloji öyrənilməsi kateqorik olmalıdır və böhranları hər yerdə elan edilən qapatma sahələrinin yerinə artıq keçməkdə olanları ifadə etməlidir. Ola bilər ki, hökmranlıq cəmiyyətlərindən qalmış köhnə metodların önə çıxacaq, lakin modifikasiyalara ehtiyac vardır. Vacib olan odur ki, biz nəyinsə başlanğıcındayıq. Həbsxana sistemində ən azından yüngül cinayətlər üçün cəzaların yeniləri ilə “əvəzlənməsi” və elektronik kəmərlər ilə təqsirləndirilən şəxsin müəyyən saatlarda evdə qalmağa məcbur edilməsi cəhdi. Məktəb sistemində sürəkli nəzarət formaları və davamlı təhsilin məktəb üzərindəki təsiri, müvafiq olaraq bütün universitet araşdırmalarından imtina və təhsilin bütün səviyyələrində “korporasiya”nın təqdim olunması. Xəstəxana sistemində potensial xəstələr və risk qrupunda olan insanları bir-bir ayıran, lakin dedikləri kimi individuallaşdırmanın olmadığı, əksinə onun yerinə nəzarət olunacaq “ayrılmış” materialın fərdi və ya rəqəmsal bədən kodunu qoyacaq “həkim və xəstəsiz” yeni tibb. Korporasiya sistemində artıq köhnə fabrik formasiyasına daxil olmadan pulun, gəlirin və insanların idarə olunmasının yeni yolları. Bunlar çox kiçik nümunələrdir, lakin yeni təşkilatların böhranı yəni yeni bir proqressiv və səpələnmiş hökmranlıq sisteminin qurulması deyildikdə nəyin nəzərdə tutuldulduğunu daha yaxşı anlamağa icazə verir. Ən vacib suallardan biri həmkarlar ittifaqlarının bacarıqsızlığı haqqında olacaqdır: İntizam cəmiyyətlərinə qarşı və ya qapatma məkanları daxilində mübarizə tarixlərinin bütününə bağlı olaraq özlərinə adaptasiya edə biləcəklərmi yoxsa nəzarət cəmiyyətlərinə qarşı yeni mübarizə formalarına imkan tanıyacaqlar? Marketinqin zövqlərinə təhdid olacaq bu gələcək formaların qaba konturlarını indidən qavaraya biləcəyik? Bir çox gənc çox qəribə şəkildə “motivasiya” olunmaqlarına görə öyünür; yenidən şagirdlik və davamlı təlim tələb edirlər. Nəyə xidmət etdiklərini kəşf etmək intizam cəmiyyətlərinin məqsədini, çətinliklə də olsa, kəşf edən böyükləri kimi onların işidir. Bir ilanın qıvrımları bir köstəbək yuvasının çuxurlarından daha kompleksdir.